dk-000 Kəsikdən əvvəl

Kino sadəcə əyləncə deyil, həm də bir dildir. Hər kadrın, hər kəsiyin, kameranın hər hərəkətinin arxasında bir seçim, bir qərar dayanır: kim görünür, kim kənarda qalır, bizə nə hiss etdirilir, nə gizlədilir. Filmlərə baxmağı hamımız bacarırıq. Onları oxumağı isə çox az yerdə öyrədirlər.

Azərbaycan dilində bu dili öyrənmək istəyən adam tez bir divara dirənir. Kino nəzəriyyəsinin əsas mətnləri dilimizə çevrilməyib. Film analizinə dair dərslik, metodik kitab və akademik məqalə ya yoxdur, ya da azdır və əlçatan deyil. Kino haqqında yazılanların çoxu qısa rəy və ya xəbərdir. Maraqlanan gənc ya başqa dilə keçməli olur, ya da yarı yolda dayanır.

İndiyə qədər bu boşluğu doldurmaq üçün müxtəlif cəhdlər olsa da, sistemli ənənə formalaşmayıb. dekino da hər şeyi bir anda dəyişmək iddiasında deyil, lakin bu dili ardıcıl öyrənmək üçün bir zəmindir.

Abunə ol, yazılar cibinə gəlsin.

Nə edəcəyik:

  • Analiz: filmləri kadr-kadr oxuyacağıq. Yeni filmləri, klassikləri, Azərbaycan kinosunu.

  • Məktəb: mizansen, kompozisiya, montaj. Kino dilinin əlifbasını addım-addım izah edəcəyik.

  • Tərcümə: kino nəzəriyyəsinin əsas mətnlərini Azərbaycan dilinə gətirəcəyik, hər birini qısa ön sözlə.

  • Dekonstruksiya: ekranda “təbii” görünən baxışları - propaqandanı, millətçi diskursu, orientalist və kişi baxışını sökəcəyik.

  • Xəbər: gündəlik kino hadisələrinin konteksti, festivallarda baş verənlər, sənət-siyasət əlaqəsi və s.

Necə edəcəyik:

Akademik dəqiqliklə yazacağıq, amma akademik dilə qapanmadan. Mənbələri həmişə göstərəcəyik. Süni intellektdən harada istifadə etdiyimizi açıq yazacağıq. Səhv etsək, düzəlişi gizlətməyəcəyik. Kinonu dekonstruksiya edən özü də şəffaf olmalıdır.

Kimin üçün:

Filmdən çıxandan sonra “bu məni niyə belə tə’sirləndirdi?” sualı ilə qalan hər kəs üçün: kino tələbəsi, telefonla video çəkən gənc, sadəcə yaxşı filmi sevən sinefil.

Kinonu kəsib-doğrayırıq ki, onu yenidən, daha diqqətlə yığaq.

Kəsik burada bitmir.

25 oktyabr 2026

Abunə ol, yazılar cibinə gəlsin.

User's avatar

Subscribe to De/Kino

Kinonu kəsib-doğrayırıq: filmləri kadr-kadr sökür, arxasındakı siyasəti göstəririk. Analiz, tərcümə, dərslər və müzakirələr, azərbaycanca.

People

x