Dünən Beynəlxalq Kişilər Günü idi. Əslində, bu həftə kişilikdən danışmaq üçün o qədər də “uğurlu vaxt” sayılmaz. Bir qadın şəkillərinə görə öldürülür, bir kişi müəllim qısnama iddiaları ilə üzləşir. Sosial şəbəkələr qaynayır: “kişilik böhranı”, “toksik maskulinlik”, “əsl kişi”. İki hadisədə də zülmün tərəfində duran bə’zi kişi profilləri və şərhləri yenidən “skrin-skrin” dolaşır. Hər iki hadisədə motivlərdən biri - Kişilik - Güc münasibətləridir. Məhz belə bir mühitdə səbəbə baxmaq istəyirəm. Bir oğlan bu əlaqəni nə zaman öyrənir? Yoxsa bu ikili bizə “doğuşdan yüklənmiş” proqramdır - kişi təbiətidir?
İki on üç yaşlı oğlan çiçək tarlalarında qaçır. Léo ilə Rémi ayrılmazdırlar: birlikdə oynayır, bir-birinin evində qalır, eyni yataqda yatır, gələcək haqqında xəyal qururlar. Sonra sinif yoldaşlarından biri onlara sadə bir sual verir: siz cütlüksünüz?
Léo cavab verir ki, onlar sadəcə ən yaxın dostdurlar. Amma sual artıq verilib. Digər oğlanların ona yönəltdiyi homofobik təhqirlər vəziyyəti daha da ağırlaşdırır. Filmin qalan hissəsi cəmiyyət tərəfindən təcrid olunmaq qorxusunun və bir sualın iki oğlanın arasında necə uçuruma çevrildiyini izləyir.
Close (2022)
Close belçikalı rejissor Lukas Dhontun ikinci tammetrajlı filmidir. 2022-ci ildə Kann (Cannes) festivalında Qran-pri (Grand prix) qazanıb. Hekayəsi sadədir. Léo sinif yoldaşlarının baxışları altında Rémidən uzaqlaşmağa başlayır. Yeni dostlar tapır, buz xokkeyinə yazılır, Réminin yaxınlığını rədd edir. Rémi bu dəyişikliyi anlamır və tək qalır. Filmin ikinci yarısı faciəvi bir itkidən sonra Léonun dilə gətirə bilmədiyi kədər və günahkarlıq hissi haqqındadır.
Filmin arxasındakı kitab
Dhont filmi inkişaf psixologiyası professoru Niobe Way-in 2011-ci ildə çıxmış Deep Secrets: Boys’ Friendships and the Crisis of Connection (Də’rin sirlər: Oğlanların dostluğu və əlaqə böhranı) kitabından ilhamlanaraq çəkib.
Way təxminən otuz il oğlanları dinləyib. O, 11-18 yaşlı yüzlərlə oğlanla müsahibə aparıb, eyni uşaqları illər boyu izləyib və onlardan bir sual soruşub: dostluq sənin üçün nə deməkdir?
13 yaşda oğlanlar sevgidən danışır
Erkən yeniyetməlik dövründə, yəni 11-14 yaşlarında oğlanlar dostluqdan də’rin hisslər və e’timad dili ilə danışırlar. Wayin müsahibə etdiyi oğlanların 85%-dən çoxu ən yaxın dostluqlarını böyük həvəslə bölüşürlər.
14 yaşlı Castin deyir ki, ən yaxın dostu ilə bir-birlərini sevirlər, vəssalam, və bunun insan təbiəti olduğunu əlavə edir. Başqa bir oğlan deyir ki, bə’zən ürəyini kiməsə boşaltmalısan, yanında heç kim yoxdursa, hər şey içində qalır və qəzəbə çevrilir.
Bu oğlanlar nə hiss etdiklərini və dostu itirməyin nəyə başa gələcəyini çox dəqiq bilirlər. Özləri sadalayırlar: dəli olmaq, depressiya, qəzəbi başqalarından çıxmaq.
16-17 yaşda: “vecimə deyil” və “no homo”
Bir neçə il sonra eyni oğlanların dili dəyişir. Dostluqdan danışanda “fərqi yoxdur”, “vecimə deyil” deməyə başlayırlar. Yaxınlıq haqqında hər cümlənin sonuna “no homo”, yə’ni “gey deyiləm” əlavə olunur.
Niyə?
Oğlanların özləri izah edir: yaxın dostluq istəmək “qızlara xas” və ya “geyvari” görünür. Way bunu belə ifadə edir: oğlanların yaşadığı kapitalist mədəniyyətdə dehumanizasiya insani ehtiyac və qabiliyyətlərə cins (qadın) və seksuallıq (gey) yamayır. Kişi olmaq üçün isə bunlardan imtina etmək lazımdır.
Amma hamı imtina etmir. Bə’zi oğlanlar yaşlandıqca da itkini, tənhalığı və dost həsrətini dilə gətirməyə davam edir. Way bunu müqavimət adlandırır: insanın özü haqqında bildiyindən əl çəkməməsi.
Bioloji deyil, öyrədilmiş
Burada əsas məsələ budur. “Kişilər təbiətcə sərt, emosiyasızdır” fikri doğru olsaydı, 13 yaşlı oğlanlar dostlarından sevgi dili ilə danışmazdı. Danışırlar. Deməli, emosional laqeydlik doğulmur, sonradan öyrənilir. Bu, biologiyanın heç bir rol oynamadığı demək deyil. Neyrobiologiya və antropologiya da göstərir ki, yaxınlıq və bağlanma ehtiyacı insan təbiətinin ayrılmaz hissəsidir. Amma bioloji olan ehtiyacın özüdür. Sosial konstruksiya isə həmin ehtiyacın “qadına aid” və ya “gey” damğası ilə yüklənməsidir.
Tarix də bunu göstərir. Wayin qeyd etdiyi kimi, kişi dostluğunun seksuallıqla eyniləşdirilməsi XX əsrin sonlarına aid bir fenomendir. XIX əsrdə kişilər bir-birinə məktublarında bu gün “romantik” sayılacaq bir dillə yazırdılar və bu, onların kişiliyinə kölgə salmırdı. Zamanla dəyişən norma təbiət ola bilməz.
Yuxarıda qalmağın qiyməti
Bəs oğlanlar niyə bu qədər asanlıqla imtina edirlər? Wayin cavabı ierarxiyadır.
Mədəniyyətimiz insanları pillələrə düzür: cinsə, sinfə, irqə, seksuallığa görə. Wayin Amerika nümunəsində pillənin zirvəsində kişilər, ağdərililər və varlılar dayanır. Hər pilləyə də müəyyən keyfiyyətlər aid edilir. Həssaslıq, kövrəklik, yaxınlıq ehtiyacı “aşağıdakılara”, yə’ni qadınlara və gey kişilərə yazılır. Zirvədə qalmağın şərti isə sadədir: aşağıdakılara bənzəməmək.
Bu məntiqi hamımız tanıyırıq: qız kimi ağlama, arvad-arvad kimi danışma. Azərbaycanda hara baxsaz, onun izlərini görə bilərsiniz: televiziya, podkast, xəbər saytları, a’di şəxsi söhbətlər. Bu ifadələr təkcə oğlanı utandırmır, həm də ona ierarxiyanı öyrədir: qızlar aşağıdadır, sən onlara bənzəsən, sən də aşağı düşəcəksən. “No homo” da eyni dərsin başqa variantıdır.
Way bunun paradoksuna da diqqət çəkir: insanı insan edən keyfiyyətlərdən imtina etməklə zirvəyə qalxan adam “yarı insan”a çevrilir. Qazandığı güc də onun yerini tutmur. Çünki kövrəkliyi qadağan olunmuş kişinin əlində özünü göstərmək üçün bir neçə vasitə qalır: susmaq, hökm etmək, nəzarət etmək. Hiss etmək “aşağı”dırsa, idarə etmək “yuxarı”dır.
Bu, heç bir cinayətə bəraət qazandırmır. Amma bir sualı aydınlaşdırır: niyə bə’zi kişilər üçün bir qadının öz şəkillərinə özü qərar verməsi dözülməz görünür? Kontrol manyaklığının arxasında nə dayanır?
Xokkey forması
Close filminə bu tədqiqatın gözü ilə baxanda xokkey səhnələri ayrı mə’na qazanır. Ağır qoruyucu forma, kask, buz üzərində toqquşan bədənlər. Léo yeni bir dil öyrənir: kişiliyin dilini. Və bu dildə köhnə dostuna yer yoxdur.
Filmdə uşaqların 13 yaşda olması bir vəziyyəti də nümayiş etdirir. Normanın işə düşməsi üçün yetkinliyi gözləmək lazım deyil. Kənardan verilən bir sual kifayətdir. Sualı da oğlanlar yox, qızlar verir. Kişilik normasını təkcə kişilər qorumur.
Kişilər Günü üçün bir təklif
Kişilər Günündə a’dətən güc, dözüm və cəsarət təbrik və təqdir olunur. Bəlkə də bu dəfə başqa bir şeyi xatırlamaq lazımdır: kişilik təbiətin hökmü deyil, öyrənilmiş qaydalar toplusudur. Öyrənilən şeyi isə dəyişmək olar. Başda xatırlatdığım hadisələr isə başqa bir şeyi də deyir: kişilikdən danışmaq mə’suliyyətdən danışmaq deməkdir - öz gücünün başqalarına necə toxunduğuna görə mə’suliyyətdən. Söhbət qadınları qorumaqdan və ya onlar üçün qəhrəmanlıq etməkdən getmir. Close və Wayin tədqiqatı sadə bir faktı xatırladır: cəmiyyətimizdə kiçik bir qrupun maraqlarına xidmət edən ierarxiya bizi “yarı insan”a çevirir. Deməli, sual budur: bu sistem həqiqətən bizə sərf edirmi?
Way müqavimət üçün sadə bir yol təklif edir: oğlanları diqqətlə dinləmək, dediklərini və hiss etdiklərini ciddiyə almaq, onlara insanlıqlarını qorumağa imkan vermək.
Léo ilə Rémi-nin hekayəsi arxasında real oğlanların səsi dayanır. Bəs biz, “içimizdəki 13 yaşlı - hələ sərt normalarla tanış olmayan saf uşağın səsini” dinləyirikmi? Close filmi o səsi yüksəltmək üçün yaxşı fürsət ola bilər. Xoş seanslar!
Elvin Cəbizadə, 20 noyabr, 2026
Belə yazılar üçün ianə et, mənə kofe al
https://buymeacoffee.com/jabizadeh
Mənbə: Boys’ Friendships and the Crisis of Connection by Niobe Way (Youtube videosu)







